DÜNYA
Kyodo agentliyi: Şinzo Abenin dəfn mərasiminə 250 milyon yen sərf oluna bilər
Tokio, 25 avqust, AZƏRTAC
Yaponiya hökuməti cari ilin iyulunda küçə mitinqi zamanı qətlə yetirilən sabiq Baş nazir Şinzo Abenin dövlət dəfni mərasiminə 250 milyon yen (1,8 milyon dollar) sərf etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi avqustun 25-də hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, mərasimlə bağlı xərclərin son məbləği hökumətin avqustun 26-da keçiriləcək iclasında təsdiqlənəcək. Ayrılacaq vəsaitin əsasən mərasimin təşkil ediləcəyi yerin icarəsinə, həmçinin tədbir zamanı koronavirusun yayılmasının qarşısının alınması tədbirlərinə sərf olunacağı qeyd edilir. Bununla yanaşı, həmin vəsaitdən polis tərəfindən ətraf ərazilərin qorunması üçün ayrılacağı da bildirilir.
Agentliyin bildirdiyinə görə, Yaponiya hökuməti dövlət dəfn mərasimində təqribən 6,4 min nəfərin iştirak edəcəyini gözləyir. Yerli KİV-in məlumatına əsasən, mərasimə Fransa Prezidenti Emmanuel Makronun, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin, sabiq Prezident Barak Obamanın, Cənubi Koreyanın Baş naziri Han Dok Sunun, Hindistanın Baş naziri Narendra Modinin, AFR-in sabiq kansleri Angela Merkelin, BOK-un prezidenti Tomas Baxın və digər rəsmi əcnəbi qonaqların qatılacağı gözlənilir.
Qeyd edək ki, Ş.Abenin dövlət tərəfindən dəfn mərasiminin keçirilməsi barədə qərar yerli əhali tərəfindən birmənalı qarşılanmayıb. Bunu mövzu ilə bağlı keçirilən çoxsaylı rəy sorğuları da təsdiq edir. Bu sorğuların nəticələrinə görə, yerli əhalinin yalnız 40 faizi hökumətin bu qərarını dəstəkləyib. Həmin qərar bir sıra müxalifət partiyaları tərəfindən də narazılıqla qarşılanıb.
Xatırladaq ki, Yaponiya hökumətinin qərarına əsasən, Ş.Abenin dəfn mərasimi sentyabrın 27-də məşhur “Budokan” idman sarayında keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio