İDMAN
Lənkəran füsunkar təbiəti və zəngin mətbəxi ilə xarici turistləri gözləyir
Lənkəran, 29 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına az bir müddət qalır. Ölkənin bütün bölgələrində olduğu kimi, lənkəranlılar da bu möhtəşəm idman bayramını səbirsizliklə gözləyirlər.
“Bakı-2015” ilk Avropa Oyunlarının keçirildiyi günlərdə Lənkərana da əcnəbi turistlərin gələcəyi gözlənilir. Turistləri yüksək səviyyədə qarşılamaq məqsədi ilə rayonda geniş hazırlıq işləri görülüb.
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimov AZƏRTAC-a bildirib ki, bir tərəfdən dağlar və meşələrlə, digər tərəfdən Xəzər dənizi ilə əhatə olunan, zəngin mədəniyyəti, flora və faunası, bənzərsiz mətbəxi ilə tanınan Lənkəran rayonu geniş turizm potensialına malikdir. Lənkərana gələn turistləri rayonun qədim tarixi, mədəniyyət və memarlıq abidələri, el sənətkarlığı, folkloru, zəngin mətbəxi və müasir infrastrukturu ilə tanış etmək məqsədilə müxtəlif istiqamətlərdə gəzintilər nəzərdə tutulub.
Rayonda lisenziya əsasında fəaliyyət göstərən 11 mehmanxana-hotel var. Bu hotellərdə, eyni zamanda, min nəfər turistin dincəlməsi üçün hər cür şərait yaradılıb. Hazırda Lənkəranda iki dördulduzlu hotel fəaliyyət göstərir. Beşulduzlu hotelin tikintisi isə davam etdirilir.
Bundan əlavə, rayona gələn turistlər Hirkan Milli Parkı ərazisində kənd turizmi və ekoturizmdən də yararlana biləcəklər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan 9 Turizm İnformasiya Mərkəzindən biri də Lənkəranda fəaliyyət göstərir. Altı rayonu əhatə edən Mərkəzdə yerli və əcnəbi turistlər üçün maraq doğuran istənilən suala cavab tapmaq olar. Bunun üçün Mərkəzin elektron xidmətlərindən də pulsuz olaraq yararlanmaq mümkündür.
Ölkənin müxtəlif bölgələrinə səfər edən əcnəbi turistlər ən çox yerli məişət əşyalarına, el sənətkarlığı nümunələrinə, adət-ənənələrə, milli mətbəximizə diqqət yetirirlər.
Lənkəranda isə milli mətbəximizin çeşidlərini saymaqla tükənməz. Digər ləziz təamlarla yanaşı, qonaqlara təkcə plovun 20-dən çox növü təqdim olunur.
Turistlər üçün, həmçinin folklor kollektivlərinin iştirakı ilə konsertin təşkili də nəzərdə tutulub.