REGİONLAR
Lənkəran Şəhər İcra Hakimiyyətində onlayn müşavirə keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/15877382986193947290_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1587738298632544905_1200x630.jpg)
Lənkəran, 24 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyətində rayonun rəhbər işçilərinin və inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə onlayn müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Lənkəran rayonunda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər müzakirə olunub.
Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, rayon ərazisində mütəmadi olaraq koronavirus infeksiyasına qarşı təmizlik və tibbi dezinfeksiya işləri aparılır, xüsusi karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrin, o cümlədən 65 yaşdan yuxarı vətəndaşların qayğıları daim diqqət mərkəzində saxlanılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin yaşayış məntəqələrində əhaliyə çatdırılması istiqamətində lazımi tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aparılması ilə bağlı göstərişlərini verən T.Qaraşov rayonun yaşayış məntəqələrində tibbi dezinfeksiya işlərinə nəzarətin gücləndirilməsinin, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmasının vacibliyini diqqətə çatdırıb.
Onlayn müşavirədə, həmçinin ərazi icra nümayəndələrinə hər bir ailənin, xüsusilə 65 yaşdan yuxarı olan insanların yaşadığı ailələrin nəzarətə götürülməsi, əhalinin sıx toplaşdığı ərazilərdə təmas imkanlarının minimuma endirilməsi, vətəndaşların yalnız ciddi ehtiyac duyulduğu təqdirdə evlərindən çıxmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.