İQTİSADİYYAT
Lənkəran şəhərinin cənub hissəsinə və Boladi kəndinə təbii qazın verilməsi bərpa edilmişdir
Lənkəran, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Lənkəran şəhərinin cənub hissəsinə və Boladi kəndinə 20 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edilmişdir.
AZƏRTAC xəbər verir ki, hər iki yaşayış məntəqəsi birpilləli sistem əsasında, müasir standartlara cavab verən polietilen borularla qazlaşdırılmışdır.
İlkin mərhələdə şəhərin cənub hissəsində 668, Boladi kəndində isə 283 mənzilə təbii qaz verilmiş, həmin evlərdə qaz sayğacları, həyətlərdə fərdi tənzimləyicilər quraşdırılmışdır.
Bu münasibətlə hər iki yaşayış məntəqəsində təntənəli açılış mərasimləri keçirilmişdir. Mərasimlərdə çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmiş, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lənkəran rayonunda görülmüş işlərdən, həyata keçirilən sosial layihələrdən danışmış, əhalinin güzəranının yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, bu ilin sonunadək rayonda daha 13 yaşayış məntəqəsinə təbii qaz veriləcəkdir.