CƏMİYYƏT
Lənkəranda Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd edilmişdir
Lənkəran, 7 mart (AZƏRTAC). Martın 7-də Lənkəranda 8 mart-Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər qadınları əlamətdar gün münasibətilə təbrik etmişlər. Bildirilmişdir ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fədakarlıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına fəal nüfuz edərək öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmiş, onlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, respublikamızın hər yerində olduğu kimi, lənkəranlı qadınlar da rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Bayram süfrəsi ətrafında davam edən tədbirdə rayonun incəsənət ustalarının ifasında şən, oynaq musiqi nömrələri, şəhər mədəniyyət mərkəzinin, Osman Mirzəyev adına qarışıqtipli uşaq evinin rəqs qruplarının, 12 və 15 nömrəli uşaq bağçalarının fidanlarının nümayiş etdirdikləri rəqs nümunələri şənliyi daha da rövnəqləndirmişdir.