İQTİSADİYYAT
Lənkəranda kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi ilə bağlı seminar keçirilib
Bakı, 13 avqust (AZƏRTAC). Lənkəran şəhərində “Japan Tobacco International” (JTI) şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində üçüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertlərinin təşkil etdikləri seminarda DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar gömrük idarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycanın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışıb. O, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirib.
Seminarda Almaniya və İsveçrədən olan mütəxəssislər dünya təcrübəsinə istinad edərək tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verib, təqdimatlar keçiriblər.
Tədbir zamanı saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Qarşılıqlı razılıq əsasında təlimin digər regionlarda da davam etdirilməsi qərara alınıb.