REGİONLAR
Lənkəranda tanınmış idmançı Fəryaz Mirzəyev məktəblilərlə görüşüb
Lənkəran, 13 fevral, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirliklərinin, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə idmanın cüdo növü üzrə Respublika çempionatının mükafatçısı, qraplinq üzrə Dünya kubokunun, idmanın qarışıq döyüş növləri üzrə Respublika birinciliyinin qalibi Fəryaz Mirzəyev ilə məktəblilərin görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən məktəbin direktoru Yeganə Əsgərova sağlam həyat tərzinin təbliğ olunmasında, yeniyetmə və gənclərin fiziki sağlamlığının qorunması və inkişaf etdirilməsində, onların bədən tərbiyəsi və idmanın faydalılığı baxımından maariflənməsində layihənin böyük əhəmiyyət daşıdığını bildirib.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov və Yusif Xamiyev çıxışlarında tədbirin keçirilmə məqsədlərindən, yeniyetmə və gənclərin həyatında sağlamlığın qorunub məhkəmləndirilməsinin vacibliyindən və bu istiqamətdə cəmiyyətin həyatında idmanın oynadığı roldan danışıblar.
Daha sonra cüdo, qraplinq və qarışıq döyüş idman növləri üzrə məşqçi-müəllim Zaur Məmmədov və idmançı Fəryaz Mirzəyev çıxış ediblər. Onlar tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandırıblar.
Çıxışlardan sonra idmana aid videoçarx nümayiş etdirilib.