MƏDƏNİYYƏT
Lüksemburqun Baş Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan stendinin qonağı olub
Lüksemburq, 30 noyabr, AZƏRTAC
Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Lüksemburqda 59-cu Beynəlxalq Xeyriyyə Bazarında böyük stendlə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Xeyriyyə Bazarında 70 ölkə iştirak edir.
UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin qala divarlarını əks etdirən milli ornamentlərlə bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş və təşviq olunur. Bu çap məhsulları ölkəmizin ziyarətçilər tərəfindən daha yaxından tanınması məqsədilə onlara hədiyyə edilir. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verir. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanır.
İki gün davam edəcək “Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilər “Azərsun”, “ASPİ Savalan”, “Viva” kimi şirkətlərin və “Silkway” Hava Yollarının sayəsində ölkəmizin yüksəkkeyfiyyətli şərablarını, təravətli çayını, nar şirəsini, gül və əncir mürəbbəsini, ənənəvi şirniyyatlarını, paxlava və şəkərburasını dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayılarını əldə edəcəklər. Təşkilatçılar stendimiz vasitəsilə iki gün ərzində Azərbaycan qonqapərvərliyini təşviq edəcəklər.
Azərbaycanın bir parçası olan, milli ornamentlərimizi əks etdirən stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunur.
Lüksemburq Beynəlxalq Xeyriyyə bazarının açılışında bu ölkənin Baş Naziri Ksavye Bettelin rəhbərlik etdiyi, Lüksemburq şəhərinin merinin də qatıldığı rəsmlərdən ibarət nümayəndə heyəti Azərbaycan stendinin qonağı olub. Nümayəndə heyətinin üzvləri Azərbaycan məhsullarının -meyvə şirələri, tər meyvələr və milli şirniyyatların-dadına baxıb, onların keyfiyyətini, eləcə də Azərbaycan qonaqpərvərliyini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ölkəmiz artıq səkkizinci ildir “Lüksemburq Beynəlxalq Xeyriyyə Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazardan əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq