CƏMİYYƏT
Macar salamisi dünyada populyarlaşır
Budapeşt, 4 noyabr, AZƏRTAC
Salami satışı üzrə dünyada 12-ci yeri tutan Macarıstan hər il dünyanın 45 ölkəsinə təqribən 20 min ton salami ixrac edir.
AZƏRTAC xəbər verir ki, bu gün Bekeşcabada XXIII kolbasa festivalı açılıb. Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto festivalın açılış mərasimində qürur hissi ilə bu məlumatı səsləndirib.
Onun sözlərinə görə, son iki ildə Macarıstandan ixracın həcmi 100 milyard avrodan çox olub. Bu, iqtisadiyyatın artımını Avropa üzrə orta göstəricidən yüksək səviyyədə saxlamağa imkan verib. Macarıstan üçün bu xüsusilə vacibdir, çünki ölkə iqtisadiyyatı əsasən ixracyönümlüdür, iqtisadiyyatın artımı isə ixracın həcmindən asılıdır.
Xatırladaq ki, Britaniyada çıxan “Guardian” qəzeti Bekeşcabada keçənilki kolbasa festivalını Avropada 10 ən yaxşı payız festivalının siyahısına daxil edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt