SİYASƏT
MACARISTAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR VƏ SUVERENLİYİNƏ HÖRMƏTLƏ YANAŞIR
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Macarıstan Respublikası Müdafiə Nazirliyinin dövlət katibi xanım Aqneş Vadainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən Ziyafət Əsgərov demişdir ki, ölkəmiz müstəqillik qazandıqdan sonra bir çox dövlətlər, o cümlədən Macarıstan ilə diplomatik münasibətlər qurmuş, ikitərəfli əlaqələr yaratmışdır. Hazırda ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. İndiki şəraitdə dövlətlərarası əməkdaşlığı daha dərinləşdirmək üçün hər iki ölkənin böyük patensialı vardır.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana və Macarıstanın Baş naizirinin ölkəmizə səfərlərini xatırladan Milli Məclis sədrinin birinci müavini qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verdiyini söyləmişdir. Qeyd etmişdir ki, ölkələrimiz arasında münasibətlər beynəlxalq hüquq normalarının prinsiplərinə əsaslanır.
Daha sonra Z.Əsgərov Azərbaycan-NATO əlaqələrindən söhbət açmış və bildirmişdir ki, ölkəmizin silahlı qüvvələri NATO ilə imzalanmış proqramlara uyğun olaraq ordu quruculuğu sahəsində islahatları davam etdirir. Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır.
Görüşdə Mllli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açmışdır. Vurğulamışdır ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq hələ də Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət təcavüzkar dövlətin bu antibəşəri hərəkətlərini sadəcə seyr edir. İstərdik ki, NATO Parlament Assambleyası bu məsələ ilə bağlı qəti mövqeyini nümayiş etdirsin.
Macarıstan nümayəndə heyətinin rəhbəri xanım Aqneş Vadai səmimi görüş üçün minnətdarlığını bildirərək, Azərbaycana bu səfərin əsas məqsədinin ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi olduğunu diqqətə çatdırmışdır. Qonaq Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və suverenliyinə hörmətlə yanaşdığını xüsusi vurğulamışdır. O, Azərbaycan və Ermənsitan prezidentlərinin görüşlərini diqqətlə izlədiklərini bildirmiş, belə təmasların Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanmasına müsbət təsir göstərəcəyinə inamını ifadə etmişdir.
Xanım Aqneş Vadai ölkəsinin Azərbaycan ilə əməkdaşlığın getdikcə daha da dərinləşməsinə böyük əhəmiyyət verdiyini vurğulamış, 2007-ci ildə Macarıstan parlamentində Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradıldığını buna bariz nümunə olduğunu söyləmiş, elə həmin ildən etibarən Azərbaycanda Macarıstanın səfirliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Qonaq ölkəsinin Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda da maraqlı olduğunu bildirmişdir.
Görüşdə, həmçinin parlamentlərarası və hərbi sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.