SİYASƏT
Martin Şüepp: Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq yüksək qiymətə layiqdir
![Martin Şüepp: Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlıq yüksək qiymətə layiqdir](/files/2020/3/1200x630/16073561975325810758_1200x630.jpeg)
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş nazirinin 10 noyabr tarixində imzaladığı birgə Bəyanatdan sonra regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımlar barəsində məlumat verərək, birgə bəyanat ilə atəşkəsin təmin edildiyini, hərbi fəaliyyətlərin dayandırıldığını və bununla əlaqəli şəkildə Azərbaycan Respublikasının işğal edilmiş Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdırıb. Birgə bəyanatın icra edilməsi ilə regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı vurğulanıb.
Bölgədə yaranmış yeni şərait nəzərə alınmaqla, BQXK-nın Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə bütün insanların həyat şəraitinin yaxşılaşdırılması və dinc birgəyaşayışın təmin edilməsi işinə özünün müsbət töhfəsini verəcəyinə ümid ifadə edilib.
Öz növbəsində, Martin Şüepp Azərbaycan ilə BQXK arasında ötən illər ərzində formalaşmış əməkdaşlığın, o cümlədən təşkilatın mandatının əsasını təşkil edən beynəlxalq humanitar hüquqa əməl edilməsi istiqamətində Azərbaycan tərəfindən atılmış addımların BQXK tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, həmçinin 10 noyabr tarixli birgə Bəyanatdan irəli gələn, BQXK-nın mandatına aid müvafiq məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyi və effektivliyinin daha da artırılması yolları müzakirə edilib.