REGİONLAR
Masallı polisi şagirdlər üçün maarifləndirmə tədbiri keçirib
Masallı, 27 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Ağ ölüm əsrin bəlasıdır”, “Erkən nikahlara yox deyək!” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov ölkəmizdə gənc nəslin istər elm, istər idman və digər sahələrdə inkişafı üçün yaradılan şəraitdən danışaraq, şagirdlərə təhsillərində daha diqqətli və əzmli olmağı tövsiyə edib.
Şöbə rəisi çıxışında bildirib ki, gözəl gələcəyimiz məhz bu günün yeniyetmə və gənclərinin təhsilə, elmə, idmana və sağlam həyat tərzinə olan münasibətindən asılıdır.
O, zərərli vərdişlərin, xüsusilə narkomaniya bəlasının cəmiyyətdə, insan orqanizmində səbəb olduğu dəhşətli zərərlərdən, erkən nikah hallarının acı nəticələrindən, həmçinin dini radikalizmin fəsadlarından danışaraq qeyd edib ki, bu istiqamətdə polis orqanları maarifləndirmə işi aparır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və digər çıxış edənlər polis əməkdaşları tərəfindən yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsini yüksək qiymətləndirib, məktəbliləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.