SİYASƏT
MASALLIDA DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜNƏ HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 17-də Masallı Rayon İcra Hakimiyyətində Azərbaycanın dövlət müstəqilliyinin 17-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram sevincini yaşayan masalılıları dövlət müstəqilliyi günü münasibətilə təbrik etmiş, istiqlalımızın dönməz və əbədi xarakter almasında, dövlətçiliyimizin qorunmasında və ölkəmizin beynəlxalq aləmə inteqrasiya edilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışmışdır. O, ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 5 illik prezidentlik fəaliyyəti dövründə ölkəmizdə iqtisadi, siyasi, sosial və mədəni sahələrdə baş vermiş müsbət dəyişiklikləri, qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.
Toplantıda çıxış edənlər ölkəmizin iqtisadi və müdafiə qüdrətinin artmasını, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini və ictimai həyatda demokratik prinsiplərin bərqərar olunmasını Azərbaycan Prezidentinin ardıcıl həyata keçirdiyi davamlı və praqmatik siyasətin nəticəsi kimi qiymətləndirmişlər. Onlar oktyabrın 15-də ölkəmizdə keçirilən Prezident seçkilərində ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik etmiş, qarşıdakı illərdə dövlətimizin başçısına uğurlar arzulamışlar.