REGİONLAR
Masallının Məmmədoba kəndinə təbii qaz verilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Masallı rayonunun Məmmədoba kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 218 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 90 metr uzunluğunda müxtəlif diametrli polietilen, metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Hazırda rayonun daha 9 kəndində - İkinci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq.
Kənd sakinləri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.