CƏMİYYƏT
Maştağada evi qəsdən yandırmaqda şübhəli bilinən dörd nəfər saxlanılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 20-də Maştağa qəsəbəsindəki evlərin birinin yandırılması barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin gün saat 20 radələrində evin qəsdən yandırıldığı müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Həsənağa Ələkbərov və qardaşı Cəlalət, qəsəbə sakini Hüseyn Novruzov və Şüvəlan qəsəbə sakini Zaur İsayev müəyyənləşdirilərək saxlanılıb.
Şəxsi axtarış zamanı H.Ələkbərovdan kustar üsulla hazırlanmış bıçaq aşkarlanaraq götürülüb.
İstintaq və əməliyyat tədbirləri aparılır.