İDMAN
Maykl Felps batterflyay üsulu ilə yüz metr məsafəyə üzmədə ABŞ çempionu ola bilmədi
![Maykl Felps batterflyay üsulu ilə yüz metr məsafəyə üzmədə ABŞ çempionu ola bilmədi](/files/2014/2/1200x630/14087125584599453346_1200x630.jpg)
Bakı, 9 avqust (AZƏRTAC). Olimpiya oyunları tarixində ən tanınmış idmançı Maykl Felps ABŞ milli çempionatında batterflyay üsulu ilə 100 metr məsafəyə üzmədə ikinci yeri tutub.
Final çıxışında 29 yaşlı Felps 51,29 saniyə nəticə göstərmiş Tom Şildsdən cəmi 0,01 saniyə geri qalıb. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, 18 qat olimpiya çempionu mövsümdəki ilkin çıxışında bu məsafədə ən yaxşı göstəriciyə nail olmuşdu: 51,17 saniyə.
Qarşıda Felpsi Olimpiya oyunlarından sonra ən böyük yarışlar - avqustun 21-dən 25-dək Qold-Kost şəhərində (Avstraliya) keçiriləcək Sakit okean çempionatı gözləyir.
“R-Sport” Agentliyi bildirir ki, bu oyunların və ABŞ çempionatının nəticələri əsasında milli komanda formalaşdırılacaq və bu komanda Kazanda keçiriləcək “Dünya çempionatı - 2015” və Rio-de-Janeyroda keçiriləcək “Olimpiada - 2016” yarışlarında çıxış edəcəkdir.
Londonda 2012-ci il oyunlarından sonra karyerasında fasilə vermiş Felps aprelin ortalarında üzgüçülüyə qayıtdığını bildirib və yarışlara qatılıb.