MƏDƏNİYYƏT
“Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsinin həyata keçirilməsinə başlanmışdır
Bakı, 7 may (AZƏRTAC). “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsini həyata keçirməyə başlamışdır.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq yeni sayt yaradılacaqdır. Həmçinin gənclərə mədəniyyətimizin təbliğində informasiya-kommunikasiya texnologiyalarından maksimum yararlanmaq, onlara bu məqsədlə bloq yaratmaq, bloqçuluqdan istifadə yollarının öyrədilməsi planlaşdırılır. Bu çərçivədə təlimlər keçiriləcəkdir.
Təlimlər həm də gənclərin mədəniyyətimizlə bağlı dərindən məlumatlandırılmasına həsr olunacaqdır. Bundan əlavə, layihə çərçivəsində mədəniyyət məsələlərinə həsr olunmuş, ekspertlərin fikir və təkliflərinin əks edildiyi broşürün nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumlar, eyni zamanda, virtual məkanda yayılması planlaşdırılır.