DÜNYA
Meksika ABŞ üçün güzəştli tariflərin qüvvəsinə xitam verməyə hazırlaşır
Bakı, 8 iyun (AZƏRTAC). Meksika İqtisadiyyat Nazirliyi bildirmişdir ki, hazırda ABŞ ilə ticarətdə bir sıra məhsulların güzəştli tariflərini ləğv etmək məsələsinə baxılır.
Bu tədbir qida məhsullarının markalanması ilə əlaqədar ABŞ və bəzi başqa ölkələr arasında səngimək bilməyən mübahisənin nəticəsidir.
Bu münaqişənin kökləri 2009-cu ilə gedib çıxır. O vaxt ABŞ-da qida məhsulları istehsalçılarına və idxalatçılarına belə bir tələb irəli sürülmüşdür ki, istehlakçıların sağlamlığına qayğı göstərmək məqsədi ilə ətin və bəzi başqa ərzaq xammallarının qablaşdırması üzərində həmin məhsulların mənşə ölkəsi göstərilsin.
Kanada və Meksika bu tələblə əlaqədar Dünya Ticarət Təşkilatına şikayət edərək bildirmişdilər ki, qida məhsullarının markalanması sistemi (COOL – daşımanın başlandığı ölkə) idxal edilən heyvandarlıq məhsullarının təchizatçılarına münasibətdə ayrı-seçkilik əlamətidir.
Dünya Ticarət Təşkilatı ABŞ-da ölkədaxili normativlərin bu təşkilatın standartlarına uyğunlaşdırılmasına dair göstəriş vermişdi, lakin Kanada və Meksikanın hakimiyyət orqanlarının fikrincə, bu dəyişikliklərdən sonra vəziyyət daha da pisləşmişdir.
Hər iki ölkə bu münaqişənin həllində Dünya Ticarət Təşkilatından kömək gözləyir.
Meksika İqtisadiyyat Nazirliyinin nümayəndəsi demişdir ki, onun ölkəsi ABŞ-ın “qeyri-korrekt” hərəkətlərinə münasibət bildirməyə məcbur olacaqdır. Bu səbəbdən, Meksika hakimiyyət orqanları tərəvəz, şirələr, ət, süd məhsulları, maşınlar, mebel və məişət malları ilə bağlı güzəştli tariflərin qüvvəsinə xitam vermək niyyətindədir.