MƏDƏNİYYƏT
Məktəblilər Qobustandakı qədim yaşayış məskənləri ilə tanış olmuşlar
Bakı, 19 noyabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB) “Məktəb parlamenti” layihəsi çərçivəsində Bakı şəhərinin orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinə ekskursiya təşkil edilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gəzintidə əvvəlcə məktəblilərə Qobustan abidələrinin kəşfi tarixi, aşkar olunmuş qayaüstü rəsmlər barədə məlumat verilmişdir.
Sonra uşaqlar Qobustan ərazisinin geoloji inkişaf mərhələləri, burada qədim dövrdə mövcud olmuş flora və fauna, qayaüstü rəsmlərin həkk edilmə tarixi haqqında biliklərə yiyələnmişlər.
Məktəblilər, həmçinin Böyükdaş dağına çıxaraq Qaval daşı, qədim mağaralar və yaşayış məskənləri ilə də yaxından tanış olmuşlar.