İQTİSADİYYAT
Məlumat Hesablama Mərkəzi Azərbaycanda informasiya təhlükəsizliyi üzrə “ISO/IEC 27001:2005” standartını əldə edən ilk dövlət müəssisəsidir
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlara, dövlət orqanlarına və hüquqi şəxslərə elektron imza üçün təkmil sertifikatların verilməsi və idarə olunması, yaradılması, yenilənməsi, dayandırılması və ləğv edilməsi, vaxt göstəricilərinin qeyd edilməsi üzrə fəaliyyət sahələri “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb. Sertifikat 2017-ci il avqustun 19-dək qüvvədədir. Təkrar sertifikatlaşdırma auditinin 2017-ci il iyunun 24-dək keçirilməsi nəzərdə tutulur. MHM bu sertifikatı əldə etdikdən sonra növbəti addım kimi Milli Sertifikat Xidmətləri Mərkəzinin dünyada sertifikat xidmətləri göstərən mərkəzlərin inanılmış siyahısına (trusted list) daxil edilməsi istiqamətində işlərini davam etdirəcək.
Qeyd edək ki, Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması Böyük Britaniyanın “UKAS” akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin “SGS” şirkəti tərəfindən yerinə yetirilib. Müstəqil ekspertizalar həyata keçirən şirkət sertifikatlaşdırma sahəsində dünya lideri hesab edilir.