MƏNZİL MƏCƏLLƏSİ QÜVVƏYƏ MİNDİKDƏN SONRA MƏNZİLLƏRİN SOSİAL KİRAYƏ MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQ, MƏNZİLSİZ VƏTƏNDAŞLARIN QEYDİYYATI APARILACAQDIR
Bakı, 8 sentyabr (AZƏRTAC). Milli Məclisin qəbul etdiyi Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minəcəkdir. Yeni Qanun bizə nə vəd edir?
Yeni Məcəlləyə əsasən, mənzillərin sosial kirayə məsələsi həllini tapacaq, mənzilsiz vətəndaşların qeydiyyatı aparılacaqdır. Bunun üçün aztəminatlı ailələr müvafiq dövlət orqanlarına ərizə ilə müraciət etməli və qeydiyyata alınmalıdırlar. Onlar mənzillə növbəlilik əsasında təmin edilməlidirlər.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun sözlərinə görə, sosial kirayə üçün mənzillər dövlət və bələdiyyələrin müvafiq tikinti şirkəti ilə imzaladıqları müqavilə əsasında tikilə bilər. İngiltərədə əhalinin 30 faizinin sosial kirayədə yaşadığını vurğulayan N.Məmmədov bu təcrübənin səmərəli olacağını bildirmişdir. Onun fikrincə, sosial kirayə ev ala bilməyən vətəndaşların mənzil probleminin həllinə, həm də vergi ödənişlərinin artmasına imkan yaradacaqdır. Bundan ən çox qazanan bələdiyyələr olacaqlar.
Komitə üzvü qeyd etmişdir ki, hazırda bir sıra bələdiyyələrin maddi-texniki bazası aşağı olduğuna görə bu tez bir zamanda vüsət almayacaqdır. Amma elə bələdiyyələr də vardır ki, onlar kifayət qədər torpaq ehtiyatına malikdir. Həmin torpaqlar tikinti şirkətlərinə verilə bilər. Müqavilə əsasında bələdiyyə torpağının əvəzinə həmin mənzilləri götürər. Bununla da uzunmüddətli qazanc əldə edər ki, bu da bələdiyyənin saxlanmasını və bəzi maddi məsələlərin həllini asanlaşdıra bilər.
Qanunvericiliyə əsasən, mənzil haqqı və kommunal ödənişlər 6 aydan keçsə, eyni zamanda mənzildən təyinatı üzrə istifadə edilməsə sosial kirayə müqaviləsi ləğv oluna bilər.
İpoteka kreditinin alınması, torpaq sahəsinin ayrılması və digər hallarda da vətəndaş siyahıdan çıxarılacaqdır.
Qeyd edək ki, məcəllə ilə xidməti yaşayış sahələri, yataqxanalar, qaçqın və məcburi köçkünlərin müvəqqəti yerləşdirildikləri yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələri hesab edilir. Bu yaşayış sahələri satıla, icarəyə və kirayəyə verilə bilməz.
Mənzil Məcəlləsində mənzil tikinti kooperativlərinin fəaliyyətinə nəzarət məsələsi də əksini tapmışdır.
Sənədə əsasən, mənzil tikinti kooperativləri üzvlərinin pay haqları ilə yaşayış evlərinin tikilməsi, eləcə də binaların yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə istehlak kooperativi formasında yaradılacaqdır. Mənzil tikinti kooperativləri üzvlərinin sayı beşdən az ola bilməz. Bu cür kooperativlər dövlətin və bələdiyyənin dəstəyi ilə də yaradıla bilər. Yaşayış binası tikildikdən sonra kooperativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Cəmiyyəti binanın mənzil mülkiyyətçilərinin 50 faizdən çoxu təsis etməlidir. Bütün lazımi saxlanma xərcləri mənzil mülkiyyətçilərinin öhdəsinə düşəcəkdir.
Qeyd edək ki, yaşayış fondunun qeyri-yaşayış fonduna və əksinə keçirilməsi müvafiq icra hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Belə hallar əsasən çoxmənzilli binaların birinci mərtəbələri üzrə yol verilir.