DÜNYA
“Mercedes-Benz” Misirdə elektromobil istehsal edəcək
Qahirə, 3 may, AZƏRTAC
“Mercedes-Benz” şirkəti yaxın gələcəkdə Misirdə elektromobil istehsalını həyata keçirəcək. Bu məsələ alman şirkətinin icraçı direktoru Gerd Bitterlix ilə Misirin ticarət və sənaye naziri Nevin Cameanın görüşündə əsas müzakirə mövzusu olub.
AZƏRTAC xəbər verir ki, “Mercedes-Benz”in icraçı direktoru Misirdə məşhur avtomobil brendinin “GLE” və “GLS klass” modellərinin istehsal edildiyi və Süveyş Kanalı Azad İqtisadi Zonasında 20 min kvadratmetr sahəsi olan logistika mərkəzinin açıldığı barədə məlumat verib.
O əlavə edib ki, “Nasr” avtomobil şirkəti “Mercedes-Benz”in əsas tərəfdaşıdır və tezliklə elektromobillərin satışına başlanılacaq. Eyni zamanda, 2023-cü ildə elektrik mühərriki ilə işləyən maşınların istehsalı üzrə birgə müəssisə də yaradılacaq və onun məhsulları Yaxın Şərq və Afrika ölkələrinə ixrac ediləcək.
Hazırda “Mercedes-Benz”in elektromobillərin satışı üzrə Misirin Qahirə, Giza, İsgəndəriyyə və Hurqada şəhərlərini əhatə edən şəbəkəsi yaradılır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə