DÜNYA
Mexiko şəhərində korrida nümayişi qadağan edilib
![Mexiko şəhərində korrida nümayişi qadağan edilib](/files/2022/2/1200x630/1654944880107606554_1200x630.jpg)
Madrid, 11 iyun, AZƏRTAC
Mexiko şəhərindəki dünyanın ən böyük korrida arenası olan Plaza Méxicoda (Mexiko Meydanı) artıq öküz döyüşü nümayişi olmayacaq.
AZƏRTAC xəbər verir ki, Federal hakim Conatan Bass Plaza Mexicoda öküzlər üçün ölüm, zorakılıq və əzablarla nəticələnən korrida nümayişinə qadağa qoyub.
Arenanın menecer idarəsi Tauro Plaza Méxiconun və Mexiko hökumətinin məhkəmədə qərara etiraz etmək üçün 10 gün vaxtı var. Aylarla davam edə biləcək məhkəmə prosesi ərzində şouya qadağa qoyulacaq. Əlli səhifədən çox qərarda federal hakim öküzlərin korrida zamanı keçirdiyi emosional və fiziki əziyyəti ətraflı təsvir edir.
Bu qadağa ölkənin digər bölgələrində öküz döyüşünün qadağan edilməsinə yaşıl işıq yandırır. Sinaloa, Sonora, Gerrero və Koahuila ştatlarında artıq korrida qadağan edilib. Heyvan hüquqları müdafiəçilərinin sözlərinə görə, korrida zamanı hər il dünyada təxminən 250 min öküz öldürülür.
İspaniya, Fransa, Portuqaliya, Kolumbiya, Venesuela, Peru və Ekvador kimi Meksika da korrida ənənələrini güclü şəkildə dəstəkləyir.
Meksikanın yeddi ştatında öküz döyüşü mədəni-maddi sərvət elan edilib.
Meksika Korrida Assosiasiyasının rəhbəri Pedro Xaces deyib ki, Mexikoda korridaya qoyulan qadağa 30 min iş yerinin bağlanmasına səbəb olacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid