MƏDƏNİYYƏT
Milli Kitabxana Bakı Beynəlxalq Kitab Sərgisində silsilə təqdimatlarla iştirak edəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçiriləcək 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən bir sıra kitabların təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, oktyabrın 5-də Milli Kitabxananın stendi qarşısında “Şuşa tarixi sənədlərdə (Milli Kitabxananın fondundan)” və “Xurşidbanu Natəvan - 190” mövzusunda nadir kitabların və “Biz səni dirçəldəcəyik, Əziz Şuşa!” adlı elektron məlumat bazasının, həmçinin “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiya kitabının təqdimatı keçiriləcək.
Oktyabrın 6-da Bakı Ekspo Mərkəzin təqdimat zonasında Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanacaq. Həmin gün “Xurşidbanu Natəvan” biblioqrafiya kitabının, eləcə də “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazası təqdimat olunacaq.
Oktyabrın 7-də Azərbaycan Milli Kitabxanasının “Beynəlxalq əməkdaşlıq zalı”nda Albaniya Milli Kitabxanasının və 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan digər ölkələrin iştirakı ilə Albaniyaya dair daimi guşənin açılışı olacaq.
Oktyabrın 8-də Bakı Ekspo Mərkəzinin təqdimat zonasında isə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək məqsədilə nəşriyyatlar tərəfindən kitab hədiyyə etmə mərasimi keçiriləcək.