SİYASƏT
MİLLİ MƏCLİSDƏ “İCTİMAİ VƏ HUMANİTAR ELMLƏR: ZAMAN KONTEKSTİNDƏ BAXIŞ” MƏQALƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 8 yanvar (AZƏRTAC). Yanvarın 8-də Milli Məclisdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iqtisadi sahədə həqiqi və müxbir üzvlərinin, ölkənin iqtisadçı alimlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbiri açan Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsi iqtisadçılar qarşısında da yeni vəzifələr qoymuşdur. Böyük ictimai rezonans doğuran məqalədə kifayət qədər təhlillər, eyni zamanda, görüləcək işlərlə bağlı konkret müddəalar vardır. Məqalədə qeyd olunan məsələlər ətraflı müzakirə olunmalı, iqtisadiyyat elmi barədə fikirlərə münasibət bildirilməlidir.
Vurğulanmışdır ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki nitqində ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etmişdir. Bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli vəzifələr qoymuşdur. Biz artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalıyıq. Bunun üçün elm və təhsil sahəsində, o cümlədən iqtisadi sahədə islahatların aparılmasına böyük ehtiyac vardır.
Tədbirdə akademik Asəf Nadirov, AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Məmmədhəsən Meybullayev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA-nın müxbir üzvü Əli Nuriyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, AMEA-nın şöbə müdiri Tofiq Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti Zahid Məmmədov, professorlar Bəyalı Atakişiyev, Elşən Hacızadə, Elşad Səmədzadə, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və başqaları məsələ ətrafında çıxış etmişlər.
Natiqlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində gənc alimlərin irəli çəkilməsi, tədris planlarında çatışmazlıqların aradan qaldırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, iqtisad elminin zamanı qabaqlaması ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tədbirlərin görülməsi və digər məsələlər barədə fikirlərini açıqlamış, rəy və təkliflərini vermişlər.
Bildirilmişdir ki, ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmamışdır. Həyata keçirilən iqtisadi islahatların və dəyişikliklərin məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmasının vacibliyi vurğulanmışdır.
Qeyd edilmişdir ki, maliyyə-kredit sisteminin və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər də elmi həllini gözləyir. İqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araşdırmalı, kənd təsərrüfatı və sənaye məhsulları istehsalının səmərəliliyini artırmaq mexanizmlərini müəyyən etməlidirlər.
“Dəyirmi masa”nın sonunda bildirilmişdir ki, iqtisadçıların ümumrespublika seminarları bərpa edilməli, iqtisad elmini tənzimləyən qanunvericilik bazası yaradılmalı, bakalavr və magistr əməyinin düzgün qiymətləndirilməsi aparılmalı və “Modernləşmə xətti” adlı bülleten nəşr olunmalıdır.
Tədbirə yekun vuran Z.Səmədzadə bildirmişdir ki, müzakirələrdə səslənən fikirlər broşür şəklində çap olunacaqdır.