CƏMİYYƏT
Milli Məclisin deputatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çirmərliklərlə bağlı gördüyü tədbirləri dəstəkləyib
![Milli Məclisin deputatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çirmərliklərlə bağlı gördüyü tədbirləri dəstəkləyib](/files/2019/2/1200x630/156474236161566604_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Xəzər dənizinin çirkləndirilməməsi çox vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rauf Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dəniz kənarında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyici qurğuları olmalıdır: “Çünki bu gün həmin obyektlərdən dənizə çirkab sular axıdılır və nəticədə dəniz çirklənir. Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) başlatdığı tədbirlər alqışlanmalıdır. Dəniz sahillərində yerləşən və dənizi çirkləndirən bir çox obyektlərin ETSN tərəfindən məhkəməyə verilməsi doğru addımdır və bunu hamı dəstəkləməlidir. Çünki obyekt işlədənlər üçün təmziləyici qurğunun quraşdırılması elə çətin məsələ deyil. Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın. Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məsələlərdə nazirliyə kömək etməlidirlər. Əslində bu məsələlərin həlli üçün bütün cəmiyyət nazirliyə kömək olmalıdır. Çünki çimərliklərdən hamı istifadə edir və dənizi qorumaq da hamımızın borcudur”.