SİYASƏT
MİLLİ MƏCLİSİN KOMİTƏSİNDƏ BƏLƏDİYYƏLƏRİN DÖVLƏT REYESTRİNİN APARILMASI İLƏ BAĞLI ƏSASNAMƏ LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 17 noyabr (AZƏRTAC). Noyabrın 17-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilmişdir.
Komitənin sədri Arif Rəhimzadə iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsinin müzakirə olunacağını bildirmişdir.
Milli Məclis Aparatının inzibati ərazi vahidlərinin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev layihə barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, bələdiyyələrin qeydiyyatı “Dövlət reyestri kitabı” ilə yanaşı, həm də elektron şəklində aparılacaqdır. Bələdiyyələrə verilməsi nəzərdə tutulan şəhadətnamədə onların yaranma tarixi, əhatə etdiyi ərazi vahidi və digər məlumatlar öz əksini tapacaqdır. Bundan əlavə, bələdiyyələrin həm kağız üzərində, həm də elektron xəritələri hazırlanacaqdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək bu prosesdə bələdiyyələr özləri də iştirak edəcəklər.
Bildirilmişdir ki, gələn il Respublika üzrə bütün bələdiyyələrin siyahısı qeyd olunmuş toplunun nəşr olunması da planlaşdırılır.
Sonra müzakirələr başlamışdır. Əsasnamə layihəsinə düzəlişlərlərlə bağlı bəzi təklif və tövsiyələr səslənmişdir.
Layihənin təklif və tövsiyələr nəzərə alınmaqla yenidən hazırlanıb komitənin iclasına təqdim olunması qərara alınmışdır.
İclasda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin, şəhər, qəsəbə və kənd bələdiyyələrinin nümayəndələri iştirak etmişlər.