REGİONLAR
Milli-mənəvi dəyərlərimizin, ana dilimizin qorunmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var
Füzuli, 2 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bütün milli-mənəvi dəyərlərimiz kimi, ana dilimizin qorunmasında da Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb.
Qeyd edilib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını həkk etdirib. Ulu Öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə də yürütdüyü fəal və ardıcıl dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyi bir daha vurğulanıb. Azərbaycan dilinin inkişafı, ana dilinin saflığı və təmizliyi istiqamətində Heydər Əliyevin apardığı siyasətin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Digər çıxış edənlər də Ümummilli Liderin xalqın formalaşmasında ana dilinin rolunu yüksək qiymətləndirməsindən, Azərbaycan dilinin hərtərəfli inkişafının, ümumişlək dilə, dövlət dilinə çevrilməsinin bilavasitə Heydər Əliyevin adı ilə bağlı olmasından bəhs ediblər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.