CƏMİYYƏT
Mingəçevir birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır
Mingəçevir, 8 avqust (AZƏRTAC). 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlıqla bağlı Mingəçevir şəhərində geniş tikinti-quruculuq, abadlıq və əsaslı yenidənqurma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, hazırda şəhərin əsas mərkəzi prospekti və küçələri xüsusi layihə əsasında müasir görkəmə salınır. Ümumi mənzərəyə xələl gətirən obyektlər müasirləri ilə əvəz olunur. Parklar, istirahət guşələri abadlaşdırılır. Bu günlər havaların isti keçməsinə baxmayaraq Mingəçevir şəhəri əsl tikinti meydançasını xatırladır.
Avropa Oyunlarına hazırlıq çərçivəsində Heydər Əliyev prospektində, Gəncə şosesində, 20 Yanvar küçəsində müasir işıqlandırma sistemi quraşdırılır. Ulu Öndərin adını daşıyan prospektin sağ və sol tərəfindəki parklar müasirləşdirilir. Şəhərin küçələri genişləndirilir, yeni asfalt örtüyü döşənir, kənarlara bordürlər düzülür, səkilərə və parkdaxili yollara rəngli daş tavalar düzülür.
Eyni zamanda, çoxmərtəbəli yaşayış binalarının fasad hissələrinin xüsusi dizayn əsasında təmirinə və işıq effektlərinin quraşdırılmasına başlanılıb. Küçələrdəki işıqforlar daha müasirləri ilə əvəz olunur. Bundan əlavə, hazırda şəhərin M.Ə.Rəsulzadə, M.Maqomayev küçələrində, eləcə də Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış “1941-45-ci il” abidə kompleksinin ərazisində, eləcə də Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılır. Bundan əlavə, Avropa Oyunlarınadək Mingəçevir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması istiqamətində işlər sürətləndirilib. İndiyədək şəhərdə 9727 poqonmetr su, 14159 poqonmetr çirkab su xətləri quraşdırılıb. Bu istiqamətdə işlər davam etdirilir.