İQTİSADİYYAT
“MİNGƏÇEVİR RET” MMC ÜZRƏ 72 MİNDƏN ÇOX SAYĞAC QURAŞDIRILMIŞDIR
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Mingəçevir Regional Enerji Təchizatı” (RET) Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) energetikləri indiyədək 72 mindən çox sayğac quraşdırmışlar. Sayğaclaşdırma proqramını fevralda başa çatdırmağı qarşıya məqsəd qoyan MMC-nin energetikləri xidmət göstərdikləri ərazidə gündə 1300-1500 elektrik ölçü cihazı quraşdırırlar.
Cəmiyyətin istismar üzrə direktor müavini Mövlan Əhmədovun sözlərinə görə, MMC-nin Tərtər paylayıcı elektrik şəbəkəsi (PEŞ) sayğaclaşdırma işlərinin yerinə yetirilməsində daha çox fərqlənir. Şəbəkə indiyədək proqrama 97,4 faiz əməl etmişdir. Mingəçevir PEŞ-də abonentlərin 95,6 faizi, Ağdaş PEŞ-də isə 80,5 faizi yeni ölçü cihazları ilə təmin olunmuşdur.
Müvafiq tədbirlər qurumun əhatə etdiyi ərazidə enerji daşıyıcılarında əvvəllər baş verən ifrat yüklənmələrin qarşısını almış, israfçılıq tamamilə aradan qaldırılmışdır.
Cari ilin yanvarında MMC üzrə 96 milyon 568 min kilovat-saat elektrik enerjisi istehlak edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 572 min kilovat-saat azdır.