ELM VƏ TƏHSİL
Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələri daha da genişlənir
Mingəçevir, 9 fevral (AZƏRTAC). Son illər Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələri xeyli genişlənmişdir.
AZƏRTAC xəbər verir ki, hazırda təhsil ocağı Şotlandiyanın Stevenson Kolleci, Rumuniyanın Andrei Barseanu Kolleci, Rusiyanın Biznes və İqtisadiyyat, eləcə də Humanitar kollecləri, Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment Kolleci ilə əməkdaşlıq edir. Mingəçevir Turizm Kolleci 2013-cü ildə ilk dəfə olaraq Avropa Komissiyasının Tempus proqramı çərçivəsində həyata keçirilən “Davamlı turizm menecmenti” layihəsinə qoşulmuşdur. Bu yeni layihə ilə əlaqədar olaraq kollecin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov və kollecin müəllimi Günay Nəbiyeva bu günlərdə Almaniyanın Vilhelmsaven şəhərindəki Yade Tətbiqi Elmlər Universitetində keçirilən konfransda iştirak etmişdir. Tədbirdə ölkəmizi Mingəçevir Turizm Kolleci ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Turizm İnstitutunun, Gəncə Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Bakı Turizm İnformasiya Mərkəzinin, “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri də iştirak etmişdir.
Tədbirdə məlumat verilmişdir ki, Tempus proqramının bu yeni layihəsinin əsas vəzifəsi turizmin inkişafı məqsədi ilə bu sahədə təhsilin daha yaxşı qurulması üçün kömək göstərməkdir. Yade Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, “Davamlı turizm menecmenti” layihəsinin koordinatoru Uve Vaythoner çıxış edərək layihənin əhəmiyyəti haqqında danışmışdır. Tədbir çərçivəsində müxtəlif işçi qrupları formalaşdırılmış və işçi qruplarının birgə hazırladığı layihələrin təqdimatı keçirilmişdir. Üç il ərzində həyata keçiriləcək layihənin birinci ili üçün nəzərdə tutulan fəaliyyət proqramı da təsdiq edilmişdir. Görüşdə layihənin mərhələləri, iş bölgüsü aparılmış, işçi qrupların gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Əməkdaşlığın internet yazışmaları, skaype konfransları yolu ilə davamlı olaraq aparılması üçün razılıq əldə edilmişdir. Sonra layihə iştirakçıları üçün Almaniyanın Bremen və Vilhelmsaven şəhərlərindəki muzeylərə ekskursiya etmişlər.
Xatırladaq ki, 2006-cı ildən fəaliyyətə başlayan Mingəçevir Turizm Kolleci qısa müddətdə öz fəaliyyətini yüksək səviyyədə quraraq artıq bir sıra uğurlar əldə etmişdir. Azərbaycanın turizm sənayesi üçün qarşısına yüksək səviyyəli mütəxəssis hazırlığı vəzifəsini qoymuş kollecin 2000-dən çox məzunu hazırda ölkənin otellərində və digər turizm obyektlərində çalışır.