DÜNYA
Minsk metropolitenində təlimlər keçirilmişdir
Minsk, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Belarus paytaxtının metropolitenində təlimlər keçirilmişdir. Təlimlərdə hüquq mühafizə orqanlarının əməkdaşları şərti partlayış qurğusunu aşkar edib zərərsizləşdirməyə çalışmışlar.
Bu barədə AZƏRTAC Minsk Şəhər İcraiyyə Komitəsinin Şəhər Daxili İşlər İdarəsinin (Dİİ) mətbuat xidmətinə istinadən xəbər verir.
Mətbuat xidmətindən bildirmişlər ki, “Minsk metropolitenində hüquq mühafizə orqanlarının əməkdaşları şərti partlayış qurğusunu aşkar edib zərərsizləşdirməyə çalışmışlar. Tapşırıq yerinə yetirilmişdir: şərti predmet aşkara çıxarılıb neytrallaşdırılmışdır”.
Təlimlərin aktiv mərhələsində Dİİ-nin Minsk metropoliteninin mühafizəsi üzrə əməkdaşları və “Minsk metropoliteni” kommunal nəqliyyat unitar müəssisəsinin işçiləri iştirak etmişlər. İçərisində partladıcı qurğunun ola biləcəyi sahibsiz qutu aşkar edildikdə əməkdaşların necə hərəkət etməli olduqları göstərilmişdir. Bu kompleks tədbirlər reallığa maksimum yaxın şəraitdə keçirilmişdir.
ŞDİİ-də bildirmişlər ki, təlimlər zamanı onların keçirildiyi metro stansiyasına giriş məhdudlaşdırılmış, elektrik qatarları isə stansiyada dayanmadan hərəkət etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk