SİYASƏT
MİNSKDƏ “İLHAM ƏLİYEV. SİYASİ BİOQRAFİYA” KİTABININ TƏQDİMATI BELARUSUN İCTİMAİ-SİYASİ HƏYATINDA MÜHÜM HADİSƏYƏ ÇEVRİLMİŞDİR
Minsk, 7 fevral (AZƏRTAC). Fevralın 6-da Minskdəki “Crowne Plaza” mehmanxanasının Kral salonunda tanınmış yazıçı Nikolay Zenkoviçin Belarus dilində çapdan çıxmış “İlham Əliyev. Siyasi bioqrafiya” kitabının təqdimatı olmuşdur.
Kitabda Azərbaycanın ən müasir tarixindən, Prezident İlham Əliyevin respublikamızın inkişafına və tərəqqisinə verdiyi misilsiz töhfədən söhbət açılır.
Faktlara əsaslanan əsərlərin ustadı kimi tanınan Nikolay Zenkoviç “Sui-qəsdlər və onların uydurulması”, “Boris Yeltsin: müxtəlif ömürlər”, “Başa çatan əsrin sirləri” kimi bestsellerə çevrilmiş və xaricdə böyük maraqla qarşılanmış 25-dən yuxarı kitabın, habelə 40-dan çox monoqrafiyanın müəllifidir. Əsərləri bolqar, rumın, çex, Çin, habelə MDB ölkələrinin dillərinə tərcümə olunmuşdur.
Azərbaycanın Belarusdakı səfirliyinin yüksək səviyyədə təşkil etdiyi gecədə və rəsmi qəbulda Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyətindən, Azərbaycanın inkişafına və tərəqqisinə verdiyi misilsiz töhfədən bəhs edən film nümayiş etdirilmişdir. Tədbirdə səfir Əli Nağıyev, Belarus XİN-in, Minskdə akkreditə olunmuş diplomatik korpusun, Belarus ziyalılarının və Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Belarus KİV-ləri ölkənin ictimai-siyasi həyatında böyük əks-səda doğuran bu tədbiri geniş işıqlandırmışlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk