CƏMİYYƏT
Mirsalam Qənbərov: Bəzən agentliyə 500-dək qurumuş ağacın götürülməsi ilə bağlı müraciət daxil olur

Bakı, 22 sentyabr, AZƏRTAC
Bəzən elə olur ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinə 100-200, bəzən 500 qurumuş ağacın köçürülməsinə, götürülməsinə rəy verilməsi ilə bağlı müraciət daxil olur. Burada sual yaranır. Bu qədər ağac niyə qurumalıdır? Bunun iki səbəbi var. Ya vaxtında düzgün qulluq göstərilməyib, ya da təbii olaraq xəstəliklə əlaqədar quruma baş verib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən ictimai dinləmədə deyib.
"Birinci səbəbə gəlincə, sual ortaya çıxır ki, niyə bələdiyyələr ağaclara vaxtında qulluq etmirlər? Sonra da həmin ağacların köçürülməsi, götürülməsi məsələsi ortaya çıxır. İkinci səbəbə nümunə olaraq deyə bilərəm ki, son vaxtlar şam ağaclarında xəstəlik düşməsi nəticəsində onların quruması faktları var. Bu, sırf antropogen faktorlarla bağlı deyil, iqlim amilləri ilə əlaqədardır. Xəstəlik düşmüş ağacları götürməliyik ki, sağlam ağaclara sirayət etməsin. Hər bir qurumun öz öhdəliyi var. Öhdəliklər layiqincə yerinə yetirilsə, vaxtında qiymətləndirilmə aparılsa, kütləvi surətdə ağacların köçürülməsi, götürülməsi problemləri ilə üzləşmərik".