SİYASƏT
Moldovanın xəbər portalları Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı məqalələr dərc edib
Kişineu, 19 oktyabr, AZƏRTAC
Moldovanın xəbər portalları Azərbaycanın dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “NOİ”, “Dosarmedia” və digər xəbər portallarında dərc edilən məqalələrdə ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun tarixi günlə bağlı fikirləri yer alıb.
Məqalələrdə səfir vurğulayır ki, artıq ikinci ildir, xalqımız bu bayramı ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun şücaəti sayəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya aktı 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Bəyannaməsinə əsaslanır və müəyyən edir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu