ELM VƏ TƏHSİL
MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNA AZƏRBAYCAN VƏTƏNDAŞLARI ÜÇÜN TƏLƏBƏ QƏBULU ELAN EDİLİR
Bakı, 22 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, TQDK 2010/2011-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər ölkəmizin ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat mayın 3-dən 11-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaqdır.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) “4” və “5” olan Azərbaycan vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Qeydiyyatdan keçmək üçün abituriyent SQK-ya aşağıdakı sənədləri təqdim etməlidir: Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün istifadə etdiyi TQDK-nın “Ödəmə kartı”nı, orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı), şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılmışdır.
Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq münasibətlər” və ya “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu (XH altqrupu) üzrə imtahan verirlər.
Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.
Test imtahanı mayın 15-də keçiriləcəkdir. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” 13 və 14 may tarixlərində veriləcəkdir.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 17-də keçiriləcəkdir. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaqdır.
Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBMİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.
İkinci mərhələ MDBMİ tərəfindən Moskva şəhərində iyunun 28-dən iyulun 4-dək aparılacaqdır. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən test imtahanı verəcəklər. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
MDBMİ-yə qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaq: orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi, milli pasportun surəti, 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil, xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış, döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi, tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat, sifilis müayinəsinin nəticəsi, VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.
Yataqxanada yaşamaq üçün tələbələr ayda 100-150 ABŞ dolları ödəyirlər. Ödəmə 12 və ya 6 ay üçün əvvəlcədən həyata keçirilir.
Azərbaycan vətəndaşları MDBMİ-yə qəbul olduqları təqdirdə 2010/2011-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.