CƏMİYYƏT
Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdləri ATU-nun hərbi tibb fakültəsinə böyük maraq göstərirlər
Bakı, 20 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universiteti (ATU) ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Dövlət İmtahan mərkəzinin rəsmi statistik təhlillərində son beş il ərzində ali məktəblərə qəbul göstəricisinə görə ölkə üzrə ardıcıl olaraq birinci yeri tutduğunu və yüksək bal toplayan məzunlar arasında ATU-nu seçənlərin sayının çox olduğunu bildirib: “Şagirdlərimiz tibb təhsili ilə çox maraqlandıqlarına görə, əməkdaşlıq qurmaq və məktəblilərimizin ATU-dakı ixtisaslar barəsində məlumatlandırılmasını arzulayırıq”.
Görüş zamanı Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi ilə faydalı əməkdaşlığın olacağından əminliyini bildirib. Rektor son illər ATU-da aparılan islahatlar, tədris prosesindəki yeniliklər, yeni ixtisasların açılması haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb: “Kompleks şagirdlərinin ATU-dakı təhsil prosesi, qurulan tədris sistemi ilə tanış etməyə çox şad olarıq. Şagirdləri universitetimizin Anatomiya Muzeyi, treninq mərkəzləri və s. ilə yanaşı, həm də tələbələrin sosial həyatı ilə də tanış edəcəyik. Çünki müasir dövrdə tələbələrin peşəkar kadr kimi yetişməsi ilə yanaşı, həm də ictimai baxımdan aktiv olmasına böyük ehtiyac var”.
Sonra çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qonaqlara universitetin Hərbi tibb fakültəsi haqqında məlumat verib. Milli Qəhrəman M.İbrahimovun adını daşıyan lisey şagirdlərində bu fakültəyə qarşı daha çox marağın olduğu da vurğulanıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.