DÜNYA
Murmansk sakinləri “Soçi-2014” Olimpiya məşəlini daşıyanlar rolunda özlərini sınamağa dəvət olunurlar
Bakı, 5 fevral (AZƏRTAC). 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadaya qədər qalan vaxt get-gedə azalır. Olimpiya məşəli artıq bu il Afinadan Rusiyaya gətiriləcək və bütün Rusiyadan keçəcəkdir.
Murmanskdakı Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Olimpiya məşəli Murmanskda da olacaqdır.
Murmanska Kalininqraddan təyyarə ilə gətiriləcək Olimpiya məşəlini burada oktyabrın 30-da onu qarşılayacaqlar. Bu məşəli Rusiyanın Zapolyarye diyarının paytaxtında daşımaq şərəfinin kimə nəsib olacağı isə hələ məlum deyildir. Əslində Murmanskın hər bir sakini məşəldaşıyan ola bilər. Bunun üçün həmin şəxsin müvafiq istəyi və fiziki imkanları olmalıdır.
“Koka-Kola” şirkəti öz saytında “Soçi-2014” Olimpiya məşəli estafetinin iştirakçısı olmaq istəyənlər üçün müsabiqə elan etmişdir. Müsabiqəyə qoşulmaq istəyən hər kəs martın 17-nə qədər xüsusi sifariş blanklarını doldurmalı, orada özü haqqında, dünyanı yaxşılaşdırmaq üçün nə etməsi haqqında məlumat verməlidir. Ən yaxşı cavabları Rusiyanın digər sakinləri açıq səsvermə yolu ilə təyin edəcəklər. Bu mərhələnin liderləri ikinci mərhələyə keçəcək, orada isə məşhur idmançılardan və tanınmış yaradıcı insanlardan ibarət münsiflər heyəti məşəl daşıyanları seçəcəkdir.
Münsiflər heyətinin hakimləri arasında ciu-citsu üzrə dünya çempionu Kamil Hacıyev, teleaparıcı Tatyana Lazareva, yüngül atletika üzrə olimpiya çempionu Yelena İsinbayeva, sinxron üzgüçülük üzrə olimpiya çempionu Mariya Kiselyova, voleybol üzrə dünya çempionu Yekaterina Qamova, idman gimnastikası üzrə olimpiya çempionu Aleksey Nemov, hokkeyçi Aleksandr Oveçkin və rok-müğənni İlya Laqutenko vardır.
İndiyə qədər Kalininqraddan başlamış Vladivostoka qədər bütün Rusiya ərazisində 40 minə yaxın iştirakçı, o cümlədən Murmansk vilayətindən 260 nəfər bu müsabiqəyə qoşulmuşdur.