SİYASƏT
Murmansk vilayəti hökumətinin saytında həmvətənimizin “Dostluq festivalı” müxtəlif millətlərdən olan insanları birləşdirir” adlı məqaləsi dərc olunmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). Rusiya Federasiyasının Murmansk vilayəti hökumətinin saytında həmvətənimiz, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya jurnalistlər ittifaqlarının üzvü Əlihüseyn Şükürovun məqaləsi yerləşdirilmişdir.
“Dostluq festivalı” müxtəlif millətlərdən olan insanları birləşdirir” sərlövhəli məqalədə yanvarın 27-də Murmanskda keçirilmiş “Dostluq festivalı” illik vilayət milli mədəniyyət bayramı barədə məlumat verilir. Rusiyanın Zapolyarye bölgəsinin paytaxtında bu bayram artıq yeddinci dəfədir ki, keçirilir. 2006-cı ildən festival müxtəlif millətlərdən olan insanları birləşdirir və onun iştirakçılarının sayı ildən-ilə artır.
Müəllif qeyd edir ki, “Dostluq festivalı”nın əsas vəzifələri Murmansk vilayətində yaşayan xalqların ənənəvi milli mədəniyyətinin qorunub saxlanması, inkişaf etdirilməsi və populyarlaşdırılması, böyüməkdə olan nəslin Rusiya xalqlarının mədəni dəyərlərinə qovuşdurulması, millətlərarası münasibətlərin və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsidir.
Ənənəyə görə, “Dostluq festivalı” mədəniyyətlərin müxtəlifliyini nümayiş etdirən milli məişət əşyalarının və dekorativ-tətbiqi yaradıcılıq məmulatlarının sərgisi ilə başlanmış, sonra isə Zapolyarye dairəsində yaşayan xalqların unikal milli koloritini əks etdirən səhnələşdirilmiş rəngarəng konsertlə davam etmişdir.
S.M.Kirov adına Murmansk vilayət Mədəniyyət sarayının səhnəsində regionun milli-mədəni muxtariyyətlərinin yaradıcılıq kollektivləri çıxış etmişlər.
Bu il festivalda regionda yaşayan müxtəlif xalqların və millətlərin nümayəndələri - ruslar, saamlar, komilər, çuvaşlar, tatarlar, başqırdlar, ukraynalılar, beloruslar, azərbaycanlılar, yəhudilər, almanlar, moldavanlar, özbəklər və başqaları iştirak etmişlər. Festivalda Kirovskdan, Monçeqorskdan gəlmiş yaradıcılıq kollektivləri iştirak etmişlər.
Murmansk vilayət Mədəniyyət sarayının səhnəsində regionun milli mədəni muxtariyyətlərinin yaradıcılıq kollektivləri çıxış etmişlər. Hər kollektiv öz xüsusi nömrəsini təqdim etmişdir:
Ümumrusiya Azərbaycanlıları Konqresinin regional şöbəsinin nəzdində fəaliyyət göstərən “Şərq incisi” xalq musiqi ansamblı festivalda iki nömrə təqdim etmişdir: solo və rəqs nömrələri. Emiliya və Amalya Həsənova bacıları “Azərbaycan” mahnısını ifa etmiş, “Şərq incisi” qrupu isə çılğın rəqs ifa etmişdir.
Qeyd edək ki, Murmansk vilayətinin azsaylı yerli xalqı - saamlar festivalda xalq özfəaliyyət kollektivlərini - “Yelle” saam folklor qrupunu, “Ellmannt” saam ənənələri teatrını və “Vuaya” folklor saam ansamblını təqdim etmişlər.
Murmansk vilayəti qubernatorunun müavini Tatyana Poronova “Dostluq festivalı”nı milli ənənələrin və mədəniyyətin qorunub saxlanmasına, bir-biri ilə mehriban və sülh şəraitində yaşamaq bacarığına görə Murmansk vilayətində yaşayan müxtəlif millətlərin ünvanına söylədiyi minnətdarlıq sözləri ilə açmışdır.
Qeyd edək ki, ÜAK mərkəzi aparatının nümayəndələri - ÜAK-ın Şimal-Qərb federal mahalının kuratoru Ülfət Əliyev və konqresin icra aparatının nümayəndəsi İlqar Hacıyev festivalın fəxri qonaqları olmuşlar.
Festivaldan sonra “Meridian” konqres-otelinin konfrans zalında 1-ci Murmansk millətlərarası forumu keçirilmişdir. Onun təşkilatçısı ÜAK-ın Murmansk şöbəsi olmuşdur. Bütün milli diasporların rəhbərləri, Murmansk şəhəri administrasiyasının Sosial yardım, ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət və gənclərə dair işlər üzrə komitənin sədrinin müavini Mixail Şilov, Murmansk vilayətinin ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət və gənclərə dair işlər üzrə komitəsinin məsləhətçisi Rimma Nikolayeva, Murmansk vilayəti ictimai palatasının üzvləri və ÜAK-ın mərkəzi aparatından gəlmiş nümayəndələr forumun qonağı olmuşlar. ÜAK-ın Murmansk şöbəsinin sədri Afil Hüseynov bütün iştirakçıları salamlayaraq qeyd etmişdir ki, forumda hamıya öz təkliflərini vermək və arzularını bildirmək, iş təcrübəsini mübadilə etmək üçün imkan yaradılmışdır. Forumun iştirakçıları yekdilliklə bu qənaətə gəlmişlər ki, tədbir çox zəngin və maraqlı keçmişdir.
Bu, həmvətənimiz, ÜAK-ın fəal üzvü, jurnalist Əlihüseyn Şükürovun ilk məqaləsi deyildir. O, Rusiyanın mərkəzi və regional KİV-lərində tez-tez Azərbaycan və həmvətənlərimiz haqqında məqalələr dərc etdirir.