REGİONLAR
Muxtar respublikada operativ vergi tədbirləri davam etdirilir
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət sahələrdə yoxlama və monitorinqlər aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yoxlamalar nəticəsində 2 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidən yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.
Vergilər Nazirliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə birgə aparılmış araşdırmalar zamanı 241 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.