ELM VƏ TƏHSİL
Müxtəlif fənlər üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, maraqlananlar özləri haqqında şəxsi məlumatı (CV) oktyabrın 15-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlərin üç il pedaqoji iş təcrübəsi, tədris etdiyi fənn üzrə yüksək bilik səviyyəsi, kompyuter bilikləri, Azərbaycan dilində səlis nitqi, komandada işləmək və əməkdaşlıq bacarığı olmalıdır, xarici dil bilmələri vacibdir.
Tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən keçənlər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin keçirdiyi müxtəlif təlimlərə cəlb olunacaq, uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.