MƏDƏNİYYƏT
Muzeyin cari ildəki fəaliyyəti müzakirə edilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) elmi şurasının növbəti iclası keçirilmişdir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, iclasda MATM-da 2013-cü ildə görülmüş elmi-ekspozisiya, elmi-tədqiqat, elmi-kütləvi və fond işlərinə dair hesabat dinlənilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanlarının və sərəncamlarının icrası ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışmışdır. O, elmi-tədqiqat işləri, nəşr fəaliyyəti, muzey əməkdaşlarının iştirak etdikləri respublika daxili və xarici elmi forumlar, muzeydə keçirilmiş konfranslar, seminarlar, sərgilər, beynəlxalq əlaqələr, kadr hazırlığı, elmi-təşkilati fəaliyyət, plandan əlavə görülən işlər haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, muzeyin bütün 93 illik tarixi boyu ən irimiqyaslı nəşr fəaliyyəti məhz 2013-cü ildə həyata keçirilmişdir. Hesabat dövründə 13 kitab nəşr edilmiş, 4 kitab isə tezliklə işıq üzü görəcəkdir.
Yığıncaqda çıxış edənlər cari ildə muzeyin fəaliyyəti ilə bağlı müxtəlif rəy və təkliflərini səsləndirmişlər.
Muzeyin 2013-cü ildə gördüyü işlər yüksək qiymətləndirilmiş və əməkdaşlara yeni-yeni uğurlar arzulanmışdır.