REGİONLAR
Naxçıvan Şahmat Federasiyasının müəllim və şahmatçıları beynəlxalq turnirdə mübarizə aparırlar
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Türkiyənin Mersin Yenişəhər Bələdiyyəsi Atatürk Kültür Mərkəzində keçirilən “Mersin Böyükşəhər Bələdiyyəsi V Beynəlxalq Şahmat Turniri”ndə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllim və şahmatçıları da mübarizə aparırlar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Türkiyə Şahmat Federasiyası və Mersin Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi turnir noyabrın 21-dək davam edəcək.
Reqlamentə əsasən turnir “A” və “B” qrupları üzrə keçirilir. 82 zəka sahibinin mübarizə apardığı “A” qrupunda 4 idmançımız – Talıb Babayev, Toğrul Həsənzadə, Pərviz Qasımov və Nəsrin Babayeva iştirak edir. 15 şahmatçımız isə 354 zəka sahibinin mübarizə apardığı “B” qrupunda qərarlaşıb.
Türkiyə, Gürcüstan, Türkmənistan, İran, Ukrayna, Qazaxıstan, Suriya, Azərbaycan, Avstraliya, İordaniya, Hindistan, Rusiya və Belçika şahmatçılarının mübarizə apardığı turnirdə artıq 5 tura yekun vurulub. Şahmatçılarımızdan beynəlxalq usta Toğrul Həsənzadə və FIDE ustası Pərviz Qasımov 3,5 xalla 15-ci və 16-cı pillələri bölüşürlər.