REGİONLAR
“Naxçıvan” Universitetində qarşıda duran vəzifələr müzakirə edilib
Naxçıvan, 10 yanvar, AZƏRTAC
“Naxçıvan” Universitetində keçirilən müşavirədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müşavirədə çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə universitetin maddi-texniki bazasının daha da möhkəmləndirildiyini, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələr universitetdə uğurla icra olunur. Bu baxımdan ötən il “Naxçıvan” Universiteti üçün də inkişaf ili kimi qeyd olunmalıdır.
Bildirilib ki, 2019-cu ildə universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərir. Hesabat ilində ali təhsil ocağında 15 ixtisas üzrə 1203 tələbə bakalavr, 7 ixtisas üzrə 20 tələbə magistr, 11 ixtisas üzrə 23 tələbə isə doktorant və dissertant təhsili alıb.
Rektor vurğulayıb ki, ali təhsil ocağında kadr hazırlığı ilə 93 nəfərlik müəllim heyəti məşğul olur. Onlardan 2-si elmlər doktoru, professor, 21-i fəlsəfə doktoru, dosent, 70-i isə baş müəllim və ixtisaslı müəllimlərdir. 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin “Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilib, beynəlxalq kod alıb.
“2019-cu ildə digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr sahəsində də uğurlu nəticələr əldə edilib. Cari ildə universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları təlim və proqramlarda, müxtəlif sərgilərdə iştirak edib, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülüb”, - deyən Nurlana Əliyeva qeyd edib ki, hesabat ilində “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti, Karaçinin ”Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurub.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.