Naxçıvanda “Sağlam şəhər turu”
Naxçıvan, 26 may, AZƏRTAC
Mayın 26-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində velosipedlə “Sağlam şəhər turu” aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sağlam həyat tərzinin təbliği, gənclər arasında fiziki aktivliyin təşviqi, ekoloji mədəniyyətin formalaşdırılması və şəhərin memarlıq irsinin tanıdılması məqsədilə təşkil olunan aksiyaya, ümumilikdə, 60-a yaxın iştirakçı qoşulub.
Tura Naxçıvan Tibb Kollecinin önündən start verilib. Şəhərin müxtəlif küçə və prospektlərini əhatə edən velotur zamanı iştirakçılar həm fiziki fəallıq nümayiş etdirib, həm də Naxçıvan şəhərinin müasir infrastrukturu, abadlaşdırılmış əraziləri və memarlıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Turun sonunda yenidən başlanğıc nöqtəsinə qayıdan iştirakçılar təxminən 7,5 kilometr məsafə qət ediblər.
Müxbir- Nail Əsgərov