İQTİSADİYYAT
Nazir: Ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur
Bakı, 13 aprel, AZƏRTAC
Bu gün vacib məsələlərdən biri də bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə borc götürəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.
“Ümumi borclanma növbəti üç il üçün 4,3 milyard manat məbləğində nəzərdə tutulur. Yəni, buraya borcun yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz borcun yenidən maliyyələşdirilməsini də daxil etsək, söhbət 8,3 milyard manat həcmində borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək borcun 1,3 milyard manatlıq hissəsini bu günədək imzalanmış kreditlər üzrə əldə edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ ki, təmin olunmayıb. Yeni borc 3 milyard manat məbləğində nəzərdə tutulub”, - deyə nazir qeyd edib.