İQTİSADİYYAT
“Neft Daşları”nda reallaşdırılacaq yeni proqrama əsasən “qara qızıl”ın istehsalının artırılması nəzərdə tutulur
Bakı, 12 iyul (AZƏRTAC). Gələcəkdə “28 May” neft və qazçıxarma idarəsində yeni platformanın quraşdırılması, “Neft Daşları”nda yeni proqramın həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə “Neft Daşları”nda yeni Qaz Turbinli İstilik Elektrik Stansiyasının açılışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir.
O qeyd etmişdir ki, yeni proqramda artıq neftin hasilatının stabilləşməsi yox, istehsalın artırılması üzərində iş gedir. Bu proqrama əsasən təkcə “Neft Daşları”nda 2-3 ildə 6 quyu qazılacaqdır. Bu quruları qazmaq üçün isə sabit elektrik enerjisi lazım olacaqdır.
“Neft Daşları”ndakı köhnə elektrik stansiyasının istismar müddətinin keçdiyini xatırladan R.Abdullayev qeyd etmişdir ki, biz onu təmir edərək saxlayırdıq, bu isə riskli iş idi. “Neft Daşlarında” istismara verilən yeni Qaz Turbinli İstilik Elektrik Stansiyası isə gələcəkdə yaranacaq əlavə enerji ehtiyacını tamamilə qarşılayacaqdır. Sevindirici haldır ki, yeni stansiyanı tamamilə ARDNŞ-in tikinti şirkətləri həyata keçirmişdir.