İQTİSADİYYAT
Neftçi mütəxəssislərin korporativ idarəetmə sahəsində bilik və bacarıqları təkmilləşdirilir
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin rəhbər və aparıcı mütəxəssislərinin korporativ idarəetmə sahəsində bilik və bacarıqları təkmilləşdirilir. Bu məqsədlə “Maliyyə uçotu, təhlil, büdcə və xərclərin idarə edilməsi” və “Fəaliyyətin səmərəliliyinin idarə edilməsi” mövzularında təlim-seminarlar keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər “Ernst & Young” şirkətinin “Moskva Biznes Akademiyası”ndan dəvət olunan Amerika Maliyyə İdarəetməsi Akademiyasının üzvü, təlimçi-məsləhətçi Viktor Şitulin və korporativ idarəetmə sahəsində geniş təcrübəyə malik baş təlimçi-məsləhətçi Tatyana Vasilyeva tərəfindən interaktiv şəkildə aparılıb.
Təlimlərdə iştirakçılara maliyyə, idarəetmə və vergi uçotunun aparılması qaydaları, əsas maliyyə-iqtisadi hesabatların hazırlanması və təhlili, büdcə, strategiya və onun effektivliyi, biznes proseslərin təhlili, maya dəyərinin proseslər üzrə hesablanması, idarə olunması və gəlirin artırılması yolları barədə ətraflı məlumat verilib, praktiki problemlər müzakirə edilib.
Təlimlərin sonunda iştirakçılara “Ernst & Young” şirkətinin sertifikatları təqdim olunub.