SİYASƏT
Nəsiman Yaqublu: Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsi xalqlar arasında münasibətləri gərginləşdirir
Bakı, 12 mart, AZƏRTAC
Otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmin bölgələrdə maddi mədəniyyət abidələrini dağıdan, məhv edən Ermənistan barədə heç bir münasibət bildirməyən Avropa Parlamenti bu gün qətiyyən həqiqətə uyğun olmayan qərar qəbul edərək Erməni abidələrinin müdafiəsinə qalxır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu söyləyib.
“Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsi xalqlar arasında münasibətləri gərginləşdirir və növbəti ziddiyyətlər üçün şərait yaradır. Halbuki, Avropa Parlamenti beynəlxalq qurum olaraq birtərəfli mövqedə qərarlar qəbul etməməli, xalqlar arasında əlaqələrin yaxşılaşdırılmasına, müxtəlif xalqlara aid olan maddi mədəniyyət abidələrinin qorunmasına çalışmalıdır. Odur ki, Avropa Parlamentinin qəbul etdiyi qərarın qətiyyən düzgün olmadığını hesab edirəm”, - deyə N.Yaqublu bildirib.