SİYASƏT
Niderland Krallığının Azərbaycandakı səfiri Şəkidə olmuşdur
Şəki, 5 oktyabr (AZƏRTAC). Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde oktyabrın 5-də Şəki şəhərində olmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, habelə şəhərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat vermişdir.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir Aryen Uyterlinde səfərin bu qədim şəhərlə daha yaxından tanış olmaq məqsədi daşıdığını bildirmişdir. Qonaq holland şirkətlərinin qabaqcıl iş təcrübəsinin Şəki rayonunda tətbiq etməyin mümkünlüyünü qeyd etmişdir.
İcra hakimiyyətinin başçısı Elxan Usubov taxıl sahələrinin suvarma sisteminin təkmilləşdirilməsi, quşçuluq və camışçılıq sahələrinin inkişaf etdirilməsinin vacibliyini ön plana çəkmişdir.
Sonra Niderland Krallığının ölkəmizdəki səfiri Şəkinin tarixi abidələri, görməli yerləri ilə tanış olmuş, “Şəki Aqro İndastrit” MMC-nin süd emalı müəssisəsində istehsal prosesini izləmiş, Qırxbulaq kəndi ərazisindəki özəl farel balıqçılıq təsərrüfatına baş çəkmişdir.